Xəbər Başlığı - 25-11-2017
 
ADPU-da “Gənc müəllimlərə dəstək” layihəsi çərçivəsində görüş keçirilib
Noyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Zirvə Tədris Mərkəzinin birgə layihəsi olan “Gənc müəllimlərə dəstək” proqramı çərçivəsində universitetdə görüş keçirilib. Tədbiri Tədrisin İdarə Olunması və Tədris

 Texnologiyaları Mərkəzinin Tədris prosesinin metodiki təminatı və akkreditasiya bölməsinin mütəxəssisi Könül Əsgərova açaraq Zirvə Tədris Mərkəzinin universitetimizlə əməkdaşlıq etməsindən məmnunluq duyduğunu bildirib.

Sonra  Zirvə Tədris Mərkəzinin Qara Qarayev filialının müdiri Sənan Ağacanov çıxış edərək belə vacib bir layihənin həyata keçirilməsinə görə universitetin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, məqsədləri müəllim olmaq istəyən hər bir tələbəyə Zirvə Tədris Mərkəzində şərait yaratmaq,onlara yiyələndikləri ixtisaslar üzrə geniş praktik biliyə malik olmaq üçün köməklik göstərməkdir. Sənan müəllim çıxışında müəllimlik peşəsinin önəmindən və müqəddəsliyindən danışaraq tələbələrin bu peşəni seçdiklərinə görə qürur hissi keçirməli olduqlarını bildirib.

Zirvə Tədris Mərkəzinin Nəsimi filialının müdiri Rəşad Kazımov çıxışında  mərkəzin 15 illik fəaliyyəti dövründə əldə etdikləri uğurlardan danışıb. Bu müddət ərzində mərkəzin çoxlu sayda  məzunlarının ölkəmizin aparıcı  universitetlərinə yüksək balla qəbul olunduqlarını və xaricdə  təhsillərini davam etdirdiklərini qeyd edib. Zirvə Tədris Mərkəzinin eyni zamanda müəllimlərin bilik və bacarıqlarının artırılmasında və peşəkarlıq səviyyəsinin yüksəldilməsində önəmli rol oynadığını bildirib.

Tədbirdə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzin direktoru, dosent Sənan Əliyev çıxış edərək belə bir önəmli və məsuliyyətli işi öz üzərinə götürdüyünə görə Zirvə Tədris Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. Dosent S.Əliyev tələbələrə bu layihədən faydalanmağı tövsiyə edib.

Tədbirdə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev çıxış edərək Zirvə Tədris Mərkəzinin bu layihəsini dəstəklədiyini bildirib. Dosent V.Əliyev qeyd edib ki, universitetimizin tələbələri həmişə elmi və sosial proqramlarda yaxından iştirak edirlər. O, tələbələrin Zirvə Tədris Mərkəzinin “Gənc müəllimlərə dəstək”proqramında fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.

Sonda Könül Əsgərova tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və ADPU ilə  Zirvə Tədris Mərkəzi arasında əməkdaşlığın uzunmüddətli olacağını vurğulayıb.

 

« Siyahıya qayıt
×
(CONTENT HERE)
Yüklənir
Yüklənir